İtaliya millisinin sabiq üzvü "Neftçi" və "Qarabağ"ın hədəfində

Rumıniyanın "Botoșani" klubu ilə müqaviləsi başa çatan italiyalı futbolçu Dieqo Fabbrini karyerasını Azərbaycanda davam etdirə bilər.

Olimpiya.az tuttomercatoweb.com-a istinadən xəbər verir ki, paytaxtın "Neftçi" klubu 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. Fabbrini "ağ-qaralar"a azad agent statusu ilə qoşula bilər. "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordinin həmyerlisini sərəncamında görmək istədiyi iddia edilir.

Fabbrini ilə "Qarabağ"ın da maraqlandığı xəbərdə vurğulanıb.

İtaliyalı futbolçu "Empoli" yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Fabbrini "Udineze", "Palermo" "Uotford", "Syena", "Milluol", "Birmingem", "Midlzbro", "Spetsiya", "Real Ovyedo" klublarında oynayıb. O, 2018-ci ildən Rumıniyanın "Botoșani" klubunda çıxış edir və meydana çıxdığı 19 oyunda 4 qol vurub, 3 assist edib.

Fabbrini 12 dəfə İtaliyanın U-21, 1 dəfə isə əsas millisində forma geyinib. O, 2012-ci ildə Mario Balotellinin zədələnməsindən sonra yığmaya dəvət almışdı və İngiltərə ilə yoldaşlıq görüşündə meydana çıxmışdı.