İlk dubl və 10-cu qol

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sabah” - “Neftçi” oyunu (0:2) qonaqların futbolçusu Namiq Ələsgərovun dublu ilə əlamətdar olub.

Olimpiya.az PFL-in saytına istinadən xəbər verir ki, vurduğu iki qolla komandasına üç xal qazandıran yarımmüdafiəçi Azərbaycan çempionatlarında ilk dəfə dubla imza atıb.

Namiqin vurduğu ikinci top onun “Neftçi”nin heyətində 10-cu çempionat qolu olub. 57-ci görüşündə yubiley qeyd edən futbolçu 2016/17 mövsümündə 2, ötən çempionatda 5, bu yarışda 3 dəfə fərqlənib. Onun “ağ-qaralar”ın heyətindəki ilk qolu 2017-ci il fevralın 9-da “Keşlə”ylə səfərdəki qarşılaşmaya (3:1) təsadüf edib.

Qeyd edək ki, Namiq Premyer Liqa karyerasındakı qol sayını 16-ya çatdırıb. O, “Neftçi”yədək “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 qola sevinib.