"Oliç Azərbaycan haqda məlumat toplamaq üçün Prosineçki ilə görüşüb"

“Həftənin ikinci günü Brazoviçin durumuna aydınlıq gələcək. Epizodların birində sürət yığarkən əzələsi dartıldı. Mübarizəni davam etdirə bilmədiyi üçün əvəzləməi olduq”.

Olimpiya.az xəbər verir ki, bu sözləri AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç ölkəsinin mətbuatına açıqlamasında deyib.

“İnter”in yarımmüdafiəçisi Marselo Brazoviçin zədələnməsindən danışan çalışdırıcı heyətdə zədəlilərin çox olmasını futbolçuların sıx qrafiklə oynaması ilə əlaqələndirib:

"Dünya çempionatında yolumuz uzun oldu, futbolçular kifayət qədər  istirahət edə bilmədilər. Daha sonra klublarına döndülər. Orada isə müntəzəm oynadırlar. Alternativ futbolçuları nəzərdə keçiririk. Bu haqda məlumat veriləcək. Vəziyyətdən çıxacağıq”.

Daliç millimiz haqda məlumat toplamaq üçün köməkçisi İvitsa Oliçin yığmamızın sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşdüyünü bildirib: "Ekspert heyəti tam gücü ilə çalışır.  Oliç Azərbaycan haqda məlumat toplamaq üçün Robert Prosineçki ilə görüşüb. İlk rəqibimiz barədə daha çox məlumata ehtiyacımız var. Bunun üzərində çox çalışmışıq".

Xatırladaq ki, Xorvatiya seçmə mərhələdə ilk oyununu martin 21-də Zaqrebdə millimizə qarşı keçirəcək.