“İnanıram ki, Azərbaycanla oyunda qələbə qazanacağıq" - Farer adalarının baş məşqçisi

Farer adaları millisinin baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasında Azərbaycanla matç öncəsi fikirlərini bildirib.

Olimpiya.az-ın məlumatına görə, yerli mətbuata danışan 57 yaşlı mütəxəssis ev oyunlarında daha yaxşı oynadıqlarını deyib:

"Azərbaycana qarşı əvvəlki matçlarda oynadığımız kimi oynayacağıq. Ev qarşılaşmalarımızda daha yaxşı oynayırıq. Bunu Maltaya 3:1 hesabı ilə qalib gəldiyimiz görüşdə göstərdik.  Futbolçuların çoxunun həm fiziki, həm də psixoloji cəhətdən bu oyuna hazır olmalarına sevindim. İnanıram ki, rəqibin yaxşı səviyyəsinə baxmayaraq, qələbə qazanacağıq".

Qeyd edək ki, Torshavn şəhərindəki Torsvollur stadionunda keçiriləcək Farer adaları - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.