Avropa çempionatında qızıl medal qazanan stolüstü tennisçilərlə görüş keçirilib

Bu gün Gənclər və İdman Nazirliyində Rumıniyanın Kluj-Napoka şəhərində keçirilmiş stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan qızlardan ibarət Azərbaycan yığması ilə görüş keçirilib.

Olimpiya.az-n məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov və digər şəxslər iştirak ediblər.

İ.İsmayılov bildirib ki, Azərbaycanda böyüklərlə yanaşı, yeniyetmə idmançılar da uğurlu nəticələr qazana bilirlər: "Rusiya kimi komandanı məğlub edib, Avropa çempionu olmaq böyük uğurdur. Bu münasibətlə hər kəsi təbrik edirəm. Komanda idman növləri çox çətindir. Burada bütün idmançılar yaxşı nəticə göstərməlidir. Yeniyetmə idmançılara göstərilən diqqət və qayğı böyükdür. Stolüste tennisçilərimiz yeniyetmələrin Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb. Bunu etmək çox çətindir. Federasiya prezidenti Şahin Mustafayevi də təbrik edirəm. Gələcək yarışlarda idmançılara uğurlar arzulayıram”.

F.Məmmədov isə bu nəticənin Azərbaycan stolüstü tennisində tarixi nəticə olduğunu vurğulayıb: "Bu Azərbaycanın qələbəsidir. Stolüstü tennisə xarici mütəxəssislər cəlb edib, uğur qazanmalıydıq. Bunu da bacardıq. Üç il öncə bu işə başladıq. Bizim idmançılarımız 14 yaşından qeydiyyatda olanlardır. Gələcəkdə də uğurlara imza atmağa çalışacağıq. Stolüstü tennis idman növü çox ağırdır. Dünya üzrə bizi çox çətin rəqabət gözləyir. Bu idmançılar ilk dəfə yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək. Ona görə də hansı nəticə qazanacağımızı deyə bilmərik”.

F.Mansurov da kollektivi təbrik edib. O bildirib ki, hər bir uğurun arxasında əziyyət var: "Bu nəticə bizim idmançılara daha da stimul verəcək. Mən özüm də bunun praktikasını yaşamışam. İnanıram ki, digər yarışlarda da uğur qazanacaqsınız”.

Azərbaycan yığmasının üzvü Nəzakət Qarayeva məşqçilərinə və federasiyaya təşəkkür edib. Ning Jing isə Azərbaycanı təmsil etməyin qürurverici olduğunu söyləyib və çətin rəqiblərlə oynamaqla böyük təcrübə qazandıqlarını bildirib.

Qeyd edək ki, Azərbaycan idmançısı Ning Jing gənclər arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Qızlardan ibarət milli komanda isə finalda Rusiyanı məğlub edərək çempionatın qalibi olub.