Voleybolçumuz Yaponiya çempionatında 2 oyuna 65 xal topladı

Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turların görüşləri keçirilib. Olimpiya.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” öncə “Hitaçi”, ardınca “Toray”la qarşılaşıb.
 
Hər 2 görüşdə “avtomobilçilər” xal qazanmağı bacarıblar. Belə ki, “Toyota” XIV turda “Hitaçi”nin qonağı olub. Matç təmsilçimizin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhimova oyunda 35 xal toplayıb. O, bu xallardan 31-ni hücumda, 1-ni blokda və 3-nü eyslə əldə edib.
 
“Toyota” XV turu da səfərdə keçirib. “Toray”la üz-üzə gələn komanda 2:3 hesabı ilə uduzub. Polina “avtomobilçilər”ə 30 (27 hücum, 1 blok, 2 eys) xal qazandırıb.
 
Qeyd edək ki, 15 oyundan sonra hesabında 23 xalı olan “Toyota” turnir cədvəlində yenə 5-ci yerdədi.