"Polşada gözəl qadınlar var"

2012-ci ilin ən böyük futbol turniri 8 iyun-1 iyul tarixlərində Polşa və Ukraynada keçiriləcək Avropa çempionatı olacaq. Bu yarışla bağlı Azərbaycanda kiminlə maraqlı söhbət etmək olar? Bu sual üzərində çox fikirləşmədim...

Avro-2012 ilə bağlı müsahibə təklifimi Polşanın Azərbaycandakı Səfiri cənab Mixal Labenda (Michal Labenda) müsbət cavablandırdı. Onunla görüşümün təşkil edilməsində, eyni zamanda digər texniki məsələlərdə göstərdiyi köməyə görəsə Andjey Kneyfelin (Andrzej Kneifel) adını çəkmək və xüsusi təşəkkürümü bildirmək istərdim. Səfirin müşavir və müavini olan bu şəxsin suallarımla bağlı fikirlərini “Sizin biliyinizin və suallarınızın təsiri altındayam. Əla müsahibə alınacaq” sözləri ilə ifadə etməsi də, təbii ki, məndə xoş ovqata səbəb oldu.

Cənab Labenda ilə söhbətə isə futboldankənar sualla başladım...

- Cənab Səfir, Polşa Avropa çempionatı-2012-nin təşkilatçılarından biridir. Biz Sizin ölkənizi Frederiк Şopen və Nikolay Kopernik kimi tarixi şəxsiyyətlərin vətəni kimi tanıyırıq. Bəs Siz özünüz iki kəlmə ilə Polşanı necə xarakterizə edərdiniz? Məsələn, Hollandiya zanbaqlar, Finlandiya göllər, İslandiya geyzerlər, Misir piramidalar, Avstraliya kenqurular ölkəsi kimi tanınır. Azərbaycanı isə biz Odlar Yurdu adlandırırıq...

 

- Polşa gözəl qadınlar ölkəsidir. Ümid edirəm ki, Siz də gələn il Avropa çempionatının oyunlarını izləyəndən sonra bu fikirlə razılaşacaqsınız.

- Polşa həm ərazisinə, həm də əhalisinin sayına görə Avropanın ən böyük ölkələrindən biridir. Amma ölkəniz bundan əvvəl futbol üzrə dünya və Avropa çempionatlarının təşkilatçısı olmayıb. Bunun səbəbini nə ilə izah edərdiniz?

 

- Polşanın infrastrukturu buna hazır deyildi. Müvafiq stadionlar, aeroportlar, mehmanxanalar və yollar yox idi. 1991-ci ildən başlayaraq Ümumi Daxili Məhsulun aramsız yüksəlməsi nəticəsində bu çatışmamazlıqların bir hissəsini aradan qaldırmağa nail olduq. Polşa üçün ən yaxşı dövr isə Avropa Birliyinə üzv olduğumuz 2004-cü ildən başladı.

- Avropa çempionatı-2012-ni keçirməkdə Polşanın əsas hədəf və məqsədləri nədir? Niyə müstəqil şəkildə deyil, Ukrayna ilə birlikdə?

 

- Ölkənin böyük beynəlxalq tədbirlər vasitəsi ilə təbliğinin mümkünlüyünü, yəqin, Siz özünüz də yaxşı bilirsiniz. Futbol bu məqsəd üçün çox gözəl vasitədir. Azərbaycan üçün bu vasitə Avroviziya musiqi yarışması olacaq. Avropa çempionatı olmasaydı belə tez bir zamanda dəmir yollarını müasirləşdirə, vağzalları təmir edə bilməzdik. Stadionlar, yollar və aeroportlar haqqında artıq demişəm. Səmimi və ciddi danışsaq, Ukrayna və Polşa Avropa çempionatının təşkilatçılıq hüququnu müvafiq ardıcıllıqla aldılar. Ukrayna sahəsinə görə Polşadan iki dəfə böyükdür, həm də əhalisinin sayı daha çoxdur. UEFA bütün Avropada futbolun yüksək inkişafını istəyir. Ukraynada futbolun səviyyəsi Polşadakından daha yüksəkdir. Bunu Ukrayna klublarının Çempionlar Liqası və Avropa Liqasında müntəzəm çıxışları təsdiq edir.

- Baxmayaraq ki, Avro-2012 Polşada start götürəcək, başqa sözlə, açılış oyunu Varşavada olsa da, turnirin həlledici qarşılaşması, yəni final Ukraynada baş tutacaq. Polşalı azarkeşlər buna razıdırlarmı?

 

- Biz çempionatın birgə təşkilini Ukraynanın sayəsində əldə etdik. Kiyevdə təxminən 70 min, Varşavada isə 60 min yerlik stadion var. Bilirsinizmi, bu, Avropa Birliyindəki kimidir: öz məqsədinə çatmaq üçün kompromisə getməlisən. Məqsədimiz isə çempionatın təşkili ilə milyonlarla azarkeşlərin ölkəmizə gəlməsi, infrastrukturun yenilənməsi və reklam effektinin alınması idi. Final oyununun Kiyevə, təntənəli açılış matçının isə Varşavaya həvalə olunması da belə kompromislərdəndir.

- 2012-ci ilin yayında Avropa çempionatının oyunlarını izləmək üçün Polşaya gedəcək futbol azarkeşlərinə nə tövsiyə edər və nə məsləhət görərdiniz?

 

- Hər qrupda, sonra isə pley-off mərhələsində oyunlar bir neçə gündən bir keçiriləcək. Məsələn Varşavada olsanız, Krakova səyahət edə bilərsiniz. Səfər (300 km) qatarla iki saat yarımdan bir az çox vaxt alacaq. Varşava və ya Qdanskdan Mazurı göllərinə getməyiniz barəsində fikirləşin. Polşanın şimali-şərqində mindən çox göl yerləşir. Təbiətin yeni möcüzələrini müəyyənləşdirmək üçün keçirilən son ümumdünya səsverməsində Avropadan yalnız Mazurı gölləri final on dördlüyünə düşə bilib! Qdanskda 80-ci illərdə Şərqi Avropada dəyişikliklərə səbəb olaraq Polşaya müstəqillik gətirən tarixi tərsanənin darvazasını görməyə dəyər. Poznandan isə müasir avtostrada ilə Berlinə, Vrotslavdan isə Praqaya (200 km-ə yaxın) getmək əla ola bilər.

- Yeri gəlmişkən, Polşanın Krakov və Lodz kimi böyük şəhərləri, həmçinin Zabje və Xojuv kimi futbol məkanları Avro-2012-dən kənar qaldılar. Amma klubları heç ölkə çempionu olmayan Qdansk və komandası ilk və son dəfə yalnız uzaq 1977-ci ildə çempionluğu qazanmış Vrotslav isə çempionatın baş tutacağı şəhərlər arasındadır. Kənardan Avro-2012 üçün belə seçim qəribə və anlaşılmaz görünür...

 

- Siz Polşanın idman mühitinin son illər ərzində yaşadığı ən ağır problemə toxundunuz. Seçim Avropa çempionatından kənar qalan şəhərlər üçün çox çətin və ağrılı oldu. Polşanın ən yaşlı futbol klubları - əsasları 1906-cı ildə qoyulmuş “Visla” və “Krakovia”nın şəhəri Krakov üçün xüsusilə ağrılı idi. “Visla”nın 33 min tamaşaçı tutumuna malik və UEFA-nın bütün standartlarına uyğun olan müasir stadionu var. “Krakovia” da müasir 15 min yerlik arenaya malikdir. Bu şəhərdəki azarkeşlərin yeganə təsəllisi İngiltərə və Hollandiya yığma komandalarının çempionat zamanı buranı öz daimi bazaları kimi seçmələridir. Xojuv şəhərin ətrafındakı zəif mehmanxana bazasına görə uduzdu. Lodz UEFA-nın tələblərinə uyğun stadiona malik olmayan Polşanın yeganə böyük şəhəridir. Bu şəhərin iki klubu (“Vidzev” və LKS " R.M.) ölkə çempionatının yüksək liqasında oynasa da, bu, belədir.

- Avro-2012 üçün mümkün ən böyük təhlükə kimi göstərilən polşalı fanatların davranışı barədə nə deyə bilərsiniz? Məsələn, bu səbəbdən Krakov “Visla”sı ötən əsrin 90-cı illərinin sonunda 1 il müddətinə Avropa turnirlərində iştirakdan məhrum olunub. Məşhur ingilis yazıçısı, futbol zorakılığı ilə mübarizədə nüfuzlu bir şəxs kimi tanınan Dugi Brimson “Eurotrashed” adlı kitabında (Rusiyada “Fanatlar” adıyla nəşr olunub) belə yazıb: “Avropanın istənilən fanatından qitənin ən qəddar futbol fanatlarını sadalamağı xahiş etsəniz, o, ilk üçlüyə mütləq polşalı fanatları daxil edər. Elə Polşa özü də bu baxımdan əksər futbolsevərlər tərəfindən ən təhlükəli ölkələrdən biri sayılır”.

 

- Siz 1998-cı ilin payızında UEFA kubokunun “Visla Krakov” " “Parma” (İtaliya) oyunundan danışırsınız. Bir azarkeş stadiona bıçaqla keçməyi bacardı və onu meydana atdı. Bu dələduzluq əməlinə görə o, həbsxanaya düşdü. Dövlət futbol matçının təhlükəsiz keçməsinə imkan verəcək çoxsaylı qərarlar qəbul edib. Buna azarkeşlərə videokameralarla nəzarət və idman tədbirlərində intizamı pozan “yalançı azarkeşlərin” iştirakına qəti qadağanın qoyulması aiddir. Qorxudan vasitələrdən biri də əhəmiyyətli oyunlarda bilavasitə qarşılaşmadan sonra cərimələri yazan prokurorun olmasıdır. Artıq bu vasitələrin effekti var. Artıq bu mövsüm bizim yüksək liqanın və 1-ci dəstənin oyunları zamanı heç bir hadisə baş verməyib.

- Fanatlardan əlavə korrupsiya da Polşa futbolunun ən böyük problemlərindən biridir. KİV-dən bildiyimizə görə, hətta ölkə futbol federasiyasının əvvəlki və hazırkı prezidentləri, müvafiq olaraq, Mixal Listkeviç və Qjeqoj Latonun adları da korrupsiya ilə bağlı qalmaqallarda hallanıb. Bununla bağlı nə deyə bilərsiniz?

 

- Mixal Listkeviç korrupsiyada müqəssir bilinməyib və heç vaxt məhkum olunmayıb. Ona görə də kimisə ittiham etmək düzgün olmazdı. Elə Qjeqoj Latoya qarşı da prokuror tərəfindən hələ ki heç bir ittiham irəli sürülməyib.

 

.

- Sizin proqnozunuz necədir? 2012-ci ilin Avropa çempionu hansı komanda olacaq? İspaniya və ya Almaniya, Hollandiya və ya İtaliya, İngiltərə və ya Fransa, Polşa və ya Ukrayna, bəlkə ümumiyyətlə, başqa komanda?

 

- Niyə də Rusiya olmasın? Fikrimcə, Rusiyada futbolun səviyyəsi günü gündən yüksəlir, yaxşı hazırlaşsalar yarışın favoritlərindən biri ola bilərlər. İstərdim ki, finalda Polşaya qalib gələn komanda Avropa çempionu olsun.

- Avro-2012-nin püşkatmasının nəticələri barədə nə deyə bilərsiniz? Polşa yığması Rusiyanın da yer aldığı ən asan sayılan qrupa düşüb.

 

- Əslində bizim qrup indi ən asan kimi dəyərləndirilir. Amma A qrupu buradan növbəti mərhələyə çıxacaq iki komanda üçün asan olacaq. Eyni zamanda, qrupumuzda yer alan Rusiyanın çempionatın ən güclü komandalarından biri olduğunu artıq qeyd etmişəm. Yunanıstan və Çexiya da əvvəllər Avropa çempionu olublar.

- Yeri gəlmişkən, ötən əsrin 70-ci illəri və 80-ci illərinin əvvəli Polşa futbolunun qızıl dövrüdür. O vaxt Polşa yığması 1974 və 1982-ci illərin dünya çempionatının bürünc mükafatçısı, 1972-ci ilin Olimpiya çempionu və 1976-cı il Olimpiadasının gümüş medalçısı olub. Sizcə, Polşa komandası Avro-2012-də hansı nəticəni göstərə bilər?

 

- Proqnozla bağlı cavabımda bir az xəyallara daldım. Ciddi desəm, Polşa üçün “qrupdan çıxmaq”, yəni çempionatın pley-off mərhələsində iştirak uğur olacaq. Lakin 70-ci illərdəki uğurlarımıza gəlincə, 1978-ci ildə Argentinada keçirilən dünya çempionatında Almaniya Federativ Respublikasının yığma komandası ilə birlikdə tutduğumuz 5-6-cı yeri də əlavə edərdim. Həmin turnirdə yalnız Argentina (dünya çempionu) və Braziliyaya (3-cü mükafatçı) uduzmuşuq.

- Polşa vətəndaşlığını almış nigeriyalı Emmanuel Olisadebe 2000-2004-cü illərdə, braziliyalı Rojer Gerreyro isə 2008-ci ildən ölkənizin yığmasında oynayır. 2006-2009-cu illərdə ilk dəfə Polşa milli komandasının baş məşqçisi (tam əsasda) əcnəbi olub " hollandiyalı Leo Beenhakker. Digər bir fakt. 2006/07 mövsümü ərzində “Poqon Şetsin” klubunda 25 braziliyalı çıxış edib, son mövsümdə (2010/11) isə ölkə çempionu “Visla Krakov”un heyətindəki əcnəbilərin ümumi sayı 17 olub. Bundan başqa, digər ölkələrin yığmalarında da polyak əsilli futbolçular oynayıb və oynayır: məsələn, Raymond Kopa (Fransa), Miroslav Kloze (Almaniya), Lukas Podolski (Almaniya). Şəxsən Siz bu cür hallara necə baxırsınız? Avropa Birliyinin vətəndaşı olaraq futbolda və digər sahələrdə belə qarışmanın və qloballaşmanın tərəfdarısınız, yoxsa milli çalarların qorunmasını istərdiniz?

 

- Ötən əsrin 80-ci illərində məşhur futbolçumuz Zbiqnev Bonekin bu məsələ ilə bağlı bir fikri var ki, mən də onunla razıyam. Məsələn, Polşa, Almaniya, Rusiya əsilli futbolçu, müvafiq olaraq, polyak, alman və rus dilində danışa bilirsə, onu milliləşdirmək olar, niyə də yox. Amma mütləq bu şərtlərə riayət etmək lazımdır.

- Yaxşı bəs Sizcə, dünyanın ən yaxşı futbolçusu kimdir? Hansı kluba azarkeşlik edirsiniz? Avro-2012-də Polşa yığmasından başqa hansı komandanın uğurlarına sevinəcəksiniz?

 

- Fikrimcə, bütün zamanların ən yaxşı futbolçusu Peledir. Polşada Lev Yaşin adına da hörmətlə yanaşırlar. Ümumiyyətlə, futbolu o qədər də yaxşı bilmirəm, Polşa liqasında da heç bir komandaya azarkeşlik etmirəm. Amma Avropa klubları arasında “Mançester Yunayted”i çox fərqləndirərdim. Çünki son 50 il ərzində, deyəsən, bir neçə baş məşqçisi olub. Hazırkı çalışdırıcı Aleks Ferqyuson 25 ildən çoxdur bu vəzifədədir. Bu, Polşa liqasındakı vəziyyətdən çox fərqli haldır: bizdə bir mövsüm ərzində bəzi klublarda 3 baş məşqçisi işləyir. Bu komandaların heç biri “Mançester Yunayted” deyil. Bu ilin ən mötəbər futbol turnirinə gəlincə, əlbəttə, Polşaya azarkeşlik edəcəyəm. Sonra qonşumuz Çexiya (pley-offa çıxa bilsə), Ukrayna, Rusiya və Almaniyanın da uğuruna sevinəcəyəm.

- Əksər futbolsevərlər bir-birinə bu sualı verir. Sizin fikrinizi də öyrənmək maraqlıdır. Lionel Messi, yoxsa Kriştianu Ronaldo?

 

- İnsan kimi daha çox Messi xoşuma gəlir, təvazökardır, “yəqin ki”, Ronaldodan pis futbolçu da deyil.

- Ötən əsrin 60-70-ci illərində Bakının “Neftçi” komandasının hücumçusu olmuş Anatoli Banişevski barədə eşitmisinizmi? O, SSRİ yığmasının heyətində 1967-ci ildə iki dəfə Polşa milli komandasına qarşı oynayıb. Müsahibələrinin birində Banişevski Moskvadakı matçda polyakların qapısına vurduğu qolu karyerasının ən yaxşı qolu hesab etdiyini demişdi. “Futbol” həftəliyinin həmin oyun barədə reportajında belə yazılıb: “Banişevski gözəlliyinə görə nadir qol vurdu. Bu, belə baş verdi: Lyubanskinin ardınca meydanın qonaqlara aid hissəsinə keçən Xurtsilava topa yiyələnib sağdan göylə rəqibin cərimə meydançasına, düz Banişevskiyə ötürmə verdi. Yüksəyə tullanan Anatoli qapıya yarıdönmüş halda başla qüvvətli zərbə vuraraq topu sağ küncə göndərdi. Qapıyadək olan məsafə təxminən on iki metr idi”.

 

- Siz müsahibədən əvvəl Banişevski barədə də soruşacağınızı demişdiniz. Amma dediyim kimi, futbol aləmindən o qədər də xəbərim yoxdur. Polşanın Xarici İşlər Nazirliyində isə futbolu beynəlxalq hüquq qədər yaxşı bilən dostum var. Bu üzdən ona zəng vurdum. Anatoli Banişevski soyadı ilə tanış idi, bildirdi ki, 60-70-ci illərin kəsişməsində Sovet İttifaqının yığma komandasının hücumçusu olub. Lakin bilmirdi ki, Azərbaycanın futbolçusu olub və Bakının “Neftçi” klubunda oynayıb. Bunu məndən öyrəndi, mən isə Sizdən.

- Son vaxtlar Azərbaycan və Polşanın milli komandaları və klubları tez-tez qarşılaşırlar. 2010-cu ildə bizim “İnter” Poznanda yerli “Lex”ə 1:0 hesabı ilə qalib gəlib, “Qarabağ” isə iki dəfə Krakov “Visla”sını 1:0 və 3:2 hesabları ilə məğlub edib. Polşa UEFA-nın 2011-ci il reytinqində 24-cü yerdədir, Azərbaycan isə artıq 37-ci pilləyə yüksəlib. Başqa sözlə, bizim çempionatın səviyyəsi Sizin Ekstraklasaya yaxınlaşır. Bununla bağlı nə deyə bilərsiniz?

 

- Polyak jurnalistlərin fikrincə, hazırda Avropada zəif komanda yoxdur, istənilən komanda istənilən komandaya qalib gələ bilər. Əvvəlki kimi qəti favoritlər yoxdur. Bunun ən yaxşı nümunəsi Yunanıstanın 2004-cü ildə Avropa çempionu olmasıdır. Ancaq bizim komandalar arasındakı oyunlara gəlincə, Siz “Lex Poznan” və “Xəzər Lənkəran” klublarının 2008-ci ilin yayındakı görüşlərini xatırlatmadınız. O vaxt bizim komanda səfərdə 1:0, evdə isə 4:1 hesabı ilə qalib gəlmişdi. Polşa yığması isə Dünya çempionatı-2006 və Avropa çempionatı-2008 çərçivəsində 4 seçmə oyunda Azərbaycan komandasına qalib gəlib. O turnirlərin final mərhələsində, həmçinin 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında oynamışıq. Amma təəssüf ki, uğursuz. Lakin futbolu bilən bəzi insanlar hesab edirlər ki, mötəbər turnirlərin final mərhələsində iştirakın özü artıq böyük uğurdur. Azərbaycana isə 2020 və ya 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatını təşkiletmə cəhdlərində uğurlar arzulayıram. Bəlkə Türkiyə ilə birgə? Rasim MÖVSÜMOV