welcome to beauty secrets
Azərbaycanlı manekendən şok açıqlamalar!
Azərbaycanlı model jurnalistləri hədələdi
Persona >>

Azərbaycanlı manekendən şok açıqlamalar!


Tarix : 22-08-2012

Səbinə Allahverdiyevanın 24 yaşı var. Altı ildən çoxdur ki, peşəkar şəkildə manekenliklə məşğuldur. Lyubov Qutorovanın manekenlik məktəbinin tələbəsidir. Hazırda model agentliyində müqaviləli işləyir. Olimpiya.az saytı Səbinə Allahverdiyevanın publika.az saytına verdiyi müsahibəni olduğu kimi təqdim edir.

- Niyə səni az tanıyırlar?
- Mənim reklamım yoxdur. Reklamın olması üçün gərək, kimsə sənə yaxşı pul qoysun. Bütün günü efirlərdə olasan, kliplərə çəkiləsən.

- Manekenin işi klipə çəkilmək deyil axı. Bəs, podiumlar, dəfilələr?
- Azərbaycanda keçirilən dəfilələrdə daha çox Lyubov Qutorovanın agentliyinin işçiləri cəlb edilir. Mən onun tələbəsi olsam da, agentliyində işləmirəm. Sərf eləmir. Əziyyətlə qazandığım pulun böyük hissəsini agentliyə vermək istəmirəm. Onların faizi çox yüksəkdir. Azərbaycanda modelə, manekenə hörmət qoyan yoxdur. Bu sahəyə heç kim maliyyə qoymaq istəmir. Kimsə sənə sponsorluq eləmək istəyirsə, onun da məqsədi aydındır. O kişilər ki, modelə pul xərcləyir, deməli, onu özünə sevgili tutmaq istəyir.

-Sənə belə təkliflər olur?
- Əlbəttə olur. Belə münasibətləri qəbul eləmirəm. Həmin kişilərə qadın yox, onun adı lazımdır. Kişilərin yığışdığı məclisdə özünü göstərmək istəyirlər ki, baxın, sevgilim manekendir, modeldir. Belələri qadınla yox, onun adı ilə yatağa uzanır.

- Gündəmdə olan modellər də var axı.
- Kimi nəzərdə tutursunuz? Züleyxa Akçurinanı, yoxsa Validəni? Onların dövrü çoxdan keçib. Heç kim onları xatırlamır. İndi tanıdığımız Günay Musayevadır. O da Türkiyədə fəaliyyət göstərir.

- Azərbaycanlı qızı Türkiyədə necə olur ki, uğur qazana bilir?
- Mən də, başqa modellər də istəyərik ki, gedib Türkiyədə işləyək, bizi tanısınlar, yaxşı pul qazanaq. Ancaq bu elə də asan deyil. Günay Musayevanın arxasında duran , şərait yaradan olmasaydı, heç vaxt bu yerə gəlib çata bilməzdi. Yəqin ki, bu məsələdə hansısa vəzifəli şəxsin xidməti olub. Yoxsa, Türkiyə kimi rus, ukraynalı qızların çox olduğu yerdə ölçüləri standarta uyğun gəlməyən azərbaycanlı qız necə uğur qazana bilər?

- Demək istəyirsən ki, Günay Musayevanın ölçüləri standarta uyğun deyil?
- Əlbəttə, uyğun deyil. Günay Musayeva azərbaycanlı xanımlara xas olan ətli-canlı xanımdır. Manekenlik üçün kökdür. Yaşını da 5-6 yaş azaldır.

- Bəs Nigar Talıbova?
- O da illərdir Türkiyədədir. Nigar Talıbova Türkiyəyə gedəndə boşluq var idi. Uğur qazanmaq asan idi. Ölçülərinə gəlincə isə, gənc vaxtı yaxşı idi, indi bilmirəm.

- Əvvəllər saysız-hesabsız gözəllik yarışmaları olurdu. İndi deyəsən, say azalıb.
- Doğrudur. Sponsor tapmaq çətinləşib. Sponsora indi heç nə qalmır.

- Həmin yarışmada iştirak edən qızlar sonra hara yoxa çıxır?
- Gözəllik yarışmalarının keçiriliməsinin məqsədi qızların istedadını ortaya çıxarmaq deyil, pul qazanmaqdır. Həmin qızlar səhnədə görünüb özlərinə pullu dayday tapırlar. Və yaxud da, təşkilatçılar daydayı özləri hazır gətirirlər. əşkilatçıların qazancı elə həmin pullu daydaylardandı.

- Sözündən belə çıxır ki, gözəllik yarışmalarında insan alveri ilə məşğul olurlar?
- Bunu açıq şəkildə eləməsələr də, məqsəd budur. Heç kimi satmırlar. Qızlar gələndə bilir ki, hansı "işi" görəcəklər.

- Sən özün niyə bu yarışmalarda yoxsan?
- Əvvəllər iştirak edirdim. Sonralar gördüklərim, haqsızlıqlar, iyrənc təkliflər məni boğaza yığdı. Hazırda Türkiyədə bir yarışmanın iştirakçısıyam. Ora da təsadüfən qatılmışam. İstanbulda alış-veriş mərkəzində olanda müsabiqə keçirildiyini gördüm və qatıldım.

- Niyə azərbaycanlı ailələr qızlarının bu sənətə meyllənməsindən qorxurlar?
- Valideynlər görür ki, manekenlər, modellər hansı həyatı sürür, hansı yolla pul qazanır. Ona görə də, heç kim istəmir ki, qızı pis yola düşsün. Valideynlər haqlıdır.

-Bütün modellər pis həyat sürür?
- Hamını deyə bilmərəm. İlk başlayanda model kimi başlayırlar. Sonradan təyinatları başqa səmtə gedir. Kiminsə sevgilisi olub ömürlük ləkələnirlər. Anlamırlar ki, qocalandan sonra heç kimə lazım olmayacaqlar. Ətrafları isə onlardan iyrənəcək. Belə həyat mənlik deyil. Mənim arzularım Türkiyədə adlı-sanlı model olmaqdır. Heç kimin dəstəyi və pulu olmadan. Buna həm qabliyyətim, həm savadım, həm də ölçülərim imkan verir.

-Sənin valideynlərin necə, maneken olmağına qarşı çıxmadılar ki?
- Azərbaycanda qızlar tanıyıram ki, maneken olmaq istədiklərinə görə qardaşları, ataları tərəfindən bışaqlanıblar, üzlərinə "şram" atılıb. Məndə elə problemlər olmadı. Anam həmişə məni dəstəkləyib. Atamı isə uzun illər əvvəl itirmişik. Bəlkə də atam sağ olsaydı qarşı çıxardı. Amma əksi də ola bilərdi. Ailəm mənə həmişə güvənib.

Olimpiya.az | Ana səhifə | Persona | Hadisə | Brend | Dəb və Stil | ARXİV | e-mail

Copyright © Olimpiya
Dizayn Weblabaz