
Şəhriyar Məmmədyarov Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirinin blitz mərhələsinin qalibi olub. Olimpiya.az xəbər verir ki, Moskvada keçirilən və bu il onuncusu təşkil edilən nüfuzlu yarışda 9 turdan sonra 7.5 xal toplayan millimizin lideri ən yaxın rəqibi Levon Aronyanı 2 xal qabaqlayaraq çempion olub.
Maraqlıdı ki, həmyerlimiz son turda məhz Aronyanı mat qoyub. Görüşün 61-ci dəqiqəsində təslim olan erməni şahmatçı taleyi ilə barışmalı olub.
Bu mərhələnin üçüncüsü isə rusiyalı Peter Svidler olub. O, 9 turdan sonra 5 xal toplayaraq, əlavə əmsallara görə eyni nəticə göstərən hollandiyalı Aniş Qiri və həmyerlisi Yan Nepominayişini qabaqlayıb.
Qeyd edək ki, turnirin əsas mərəhələsi bu gün start götürəcək. Qrosmeysterimiz ilk turda Yevgeni Tomaşevski ilə qarşılaşacaq.